Yaponiya tutulan jurnalistə görə Rusiya səfirini XİN-ə çağırdı

Yaponiya tutulan jurnalistə görə Rusiya səfirini XİN-ə çağırdı backend

Yaponiyanın Xarici İşlər Nazirliyi oktyabrın 14-də Rusiyanın bu ölkədəki səfiri Nikolay Nozdrevı nazirliyə çağıraraq, yaponiyalı jurnalistin Saxalin vilayətində saxlanılması ilə bağlı etirazını bildirib.

Qaziler.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

"Yaponiya XİN-in Avropa işləri üzrə bürosunun baş direktoru Kimitake Nakamura Rusiya səfirini çağırıb və Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Saxalin vilayətində Yaponiya vətəndaşının saxlanılması barədə bəyanatı ilə əlaqədar demarş elan edib", – deyə məlumatda bildirilir.

Qeyd olunur ki, Nakamura saxlanılan vətəndaş barəsində operativ məlumat verilməsini, həmçinin onun Tokio ilə əlaqə saxlaması üçün şərait yaradılmasını tələb edib.

Qeyd edək ki, oktyabrın 13-də Rusiya FTX-si Saxalin vilayətində "Hokkaydo Simbun" qəzetinin casusluqda ittiham olunan yaponiyalı jurnalisti İmai Yukinin saxlanıldığını bəyan edib. Təhlükəsizlik xidmətinin məlumatına görə, jurnalist milli kəşfiyyatın tapşırığı ilə fəaliyyət göstərib. O, ölkənin müdafiə qabiliyyətinə aid olan məlumatları toplayaraq Rusiyanın təhlükəsizliyinə qarşı istifadə edilməsi üçün ötürüb.

Jurnalist Rusiyadan uçub getməzdən bir gün əvvəl saxlanılıb və daha sonra Moskvaya aparılıb. Ona qarşı casusluq maddəsi ilə cinayət işi açılıb. Oktyabrın 13-də o, ən azı iki ay müddətinə – dekabrın 12-nə qədər həbs edilib. Bildirilib ki, yaponiyalı jurnalisti 10 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

QAZİLER.AZ