Parisdə naməlum şəxs Fransa prezidentliyinə namizəd olan solçu "İctimai Tribuna" (Place Publique) partiyasının lideri və Avropa Parlamentinin deputatı Rafael Qlyuksmanın başına bir paket un töküb.
Qaziler.az xəbər verir ki, bu barədə “France 24” telekanali məlumat yayıb.
Hadisə oktyabrın 11-də, siyasətçinin Fransada keçiriləcək prezident seçkilərində iştirak edəcək namizədi müəyyənləşdirən sosial-demokrat sol qüvvələrin praymerizində (ilkin seçkilər) qalibiyyətini qeyd etdiyi bardan çıxarkən baş verib. Qlyuksman taksiyə tərəf yönələrkən, arxadan yaxınlaşan naməlum şəxs onun başına un töküb. Hadisədən sonra siyasətçi maşına əyləşərək oradan uzaqlaşıb.
Həmçinin oktyabrın 11-də yayılan məlumatlara görə, Fransanın hazırkı prezidenti Emmanuel Makronun reytinqi 15%-ə enərək tarixi minimumu yeniləyib.
Qeyd edək ki, Fransada prezident seçkiləri 2027-ci il aprelin 18-nə təyin edilib. Ehtiyac yaranacağı təqdirdə ikinci tur mayın 2-də keçiriləcək. Makron iki müddət ardıcıl olaraq ölkəyə rəhbərlik etdiyi üçün bu seçkilərdə iştirak etməyəcək.
QAZİLER.AZ

