Fransanın cənubundakı Renoir Muzeyindən oğurlanan iki tablo tapılıb, hadisə ilə əlaqədar altı nəfər saxlanılıb.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Kann-sür-Mer şəhərinin meri Brayan Masson tabloların və şübhəlilərin tapılmasında iştirak edən istintaq qrupunu təbrik edib. Tapılan əsərlərin “Madam Kolonna Romanonun portreti” və “Quyunun yanındakı gənc qadın” olduğu bildirilib.
Məlumata görə, oğrular ötən ay muzeyin pəncərəsindən içəri daxil olub və dörd tablo oğurlayıblar. Onlar qaçarkən əsərlərdən ikisini hadisə yerində qoyublar. Soyğun üç dəqiqədən az davam edib.
Hadisə Fransada muzeylərin təhlükəsizliyi və mədəni irs obyektlərinin qorunmasına ayrılan maliyyənin artırılması ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
QAZİLER.AZ

