Ukraynalı pilotların Fransanın “Rafale” qırıcılarında uçuş təlimləri bu ilin noyabr ayında Fransada başlayacaq.
“Ukrinform”un məlumatına görə, bunu Fransanın silahlı qüvvələr naziri Katrin Votren bəyan edib.
Nazir ilk dəfə konkret müddət açıqlayaraq, “Ukraynalı pilotlar üçün təlimlərin ilk mərhələləri noyabrdan etibarən başlayacaq”, – deyə bildirib.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl “Rafale” qırıcıları üzrə pilotların hazırlığına yaxın vaxtlarda başlanacağını bəyan etmişdi. O, bu məsələni oktyabrın əvvəlində Fransa Prezidenti Emmanuel Makron ilə müzakirə edib.
Ukrayna və Fransa arasında imzalanmış birgə bəyannaməyə əsasən, Kiyev ümumilikdə 100-ə qədər belə təyyarənin alınmasını nəzərdə tutan genişmiqyaslı plan çərçivəsində, ilkin mərhələdə silahları ilə birlikdə ilk 16 ədəd “Rafale” qırıcısı əldə etməyi planlaşdırır. Pilotların və texniki heyətin hazırlığı başa çatdıqdan sonra ilk dörd qırıcı Ukraynaya təhvil verilməlidir.

