Londonda İordaniya şahzadəsi Firyal İrşaidin evindən zinət əşyaları oğurlamaqda təqsirləndirilən 71 yaşlı xidmətçiyə qarşı ittiham irəli sürülüb.
Qaziler.az bildirir ki, u barədə “Bi-bi-si” məlumat yayıb.
Məlumata görə, Maria Virxelina Taborda Enao şahzadənin evində 11 il işləyib. Şahzadə İrşaid 2020-ci ilin martında COVID-19 pandemiyası səbəbindən Londonu tərk edib, Enao isə evə nəzarət etmək üçün orada qalıb.
Həmin ilin 21 noyabrında şahzadə öz zinət əşyalarının onun xəbəri olmadan hərracda satıldığını öyrənib. O, dərhal polisə məlumat verib və hüquq-mühafizə orqanlarının əməkdaşları baş şübhəli Enaonun evində axtarış aparıblar. Polis qadının mətbəx şkafından qiymətli daşlarla bəzədilmiş boyunbağı və içərisində sırğalar olan zərf, paltosunun cibindən isə İrşaidin nikah üzüyünü tapıb. Şahzadə bəyan edib ki, o vaxta qədər bu üzüyü sadəcə itirdiyini düşünürmüş.
Araşdırma zamanı məlum olub ki, Enaoya cinayətdə qardaşı oğlu Xulian Ramires kömək edib. O, oğurlanmış zinət əşyalarının satışından təxminən 90 min funt-sterlinq gəlir əldə edib. Şahzadə İrşaid 2021-ci ilin mayında Londona qayıtdıqdan sonra düşündüyündən daha çox bəzək əşyasının yoxa çıxdığını fərq edib. Bildirilir ki, xidmətçi evdə yalnız ucuz bijuteriyaları saxlayıb.
Məhkəmə prosesi zamanı məlum olub ki, zaminə buraxılan Ramires 2023-cü ilin oktyabrında Kolumbiyaya uçub və geri qayıtmayıb. Enao isə ona qarşı irəli sürülən bütün ittihamları rədd edir.
Qeyd edək ki, Firyal İrşaid İordaniyanın mərhum kralı Hüseynin qardaşı, şahzadə Məhəmmədin keçmiş həyat yoldaşıdır. O, 1992-ci ildən bəri YUNESKO-nun xoşməramlı səfiridir və təhsil, eləcə də ümumdünya irsinin qorunması proqramları ilə məşğul olur.
QAZİLER.AZ

