ABŞ-nin cənubuna doğru irəliləyən qasırğa təhlükəsi səbəbindən amerikalılar mağazalarda ajiotaj yaradaraq rəfləri boşaldıblar.
Qaziler.az xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb.
ABŞ-nin Milli Qasırğa Mərkəzi çərşənbə günü ölkənin cənubunda yeni "İsayas" tropik fırtınasının yarandığı və həftənin sonunadək qasırğaya çevrilə biləcəyi barədə xəbərdarlıq edib.
Nəşr yazır ki, dağıdıcı fırtına qorxusu ABŞ-nin Meksika körfəzi sahili boyundakı şəhərlərdə mağaza rəflərinin boşalmasına səbəb olub. Yerli sakinlər tualet kağızından tutmuş su və konservlərə qədər hər şeyi kütləvi şəkildə satın alıblar.
Florida və Missisipidəki mağazaların rəflərində demək olar ki, mal qalmayıb. Kadrlardan birində bir kişinin avtomobilinin yük yerini ağzınacan içməli su şüşələri ilə doldurduğu görünür. Yanacağa olan tələbat da kəskin şəkildə artıb. Belə ki, anacaqdoldurma məntəqələrində uzun növbələr yaranıb.
Meteoroloqlar ehtimal edirlər ki, "İsayas" cümə axşamı Yukatan yarımadasının şimalından keçəcək, cümə günü isə ABŞ-də Meksika körfəzinin şimal sahillərinə yaxınlaşacaq. Təbiət hadisəsinin episentrindən 75 kilometrədək məsafədə güclü küləklər gözlənilir. Florida və Luiziana da daxil olmaqla, bəzi ştatlarda cümə günündən başlayaraq həftəsonu ərzində 76-152 millimetr, bəzi yerlərdə isə 250 millimetrdən çox yağıntı düşəcək. Bununla yanaşı, bəzi rayonlarda daşqınlar və çayların məcrasından çıxması istisna edilmir.
QAZİLER.AZ

