Səudiyyə Ərəbistanında iki hava limanına hücum: 3 ölü, 36 yaralı

Səudiyyə Ərəbistanında iki hava limanına hücum: 3 ölü, 36 yaralı backend

Səudiyyə Ərəbistanında iki beynəlxalq hava limanına hücum nəticəsində üç nəfər ölüb, 36 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Qaziler.az APA-ya istinadla xəbər verir ki, bu barədə krallığın Mülki Aviasiya Baş İdarəsi məlumat yayıb.

Bildirilib ki, oktyabrın 6-da və 7-də Əbha Beynəlxalq Hava Limanı və Ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanı hücuma məruz qalıb.

Əbha hava limanına hücum nəticəsində Mərakeş və Əlcəzair vətəndaşı olan iki qadın ölüb, 28 nəfər yaralanıb. Xəsarət alanlar arasında Səudiyyə Ərəbistanı, Banqladeş və Filippin vətəndaşları da var.

Kral Xalid Beynəlxalq Hava Limanına zərbə nəticəsində isə Sudan vətəndaşı ölüb, beş Səudiyyə Ərəbistanı, iki Misir və bir Pakistan vətəndaşı olmaqla səkkiz nəfər yaralanıb.

Yaralıların vəziyyətinin yüngüldən kritikədək dəyişdiyi, onların xəstəxanalara yerləşdirildiyi bildirilib. Hücumlar nəticəsində hava limanlarının infrastrukturuna maddi ziyan dəyib. Aidiyyəti qurumlar hücumların nəticələrini qiymətləndirir və sərnişinlərin, eləcə də mülki aviasiya uçuşlarının təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görür.