İraq təhlükəli Hörmüz boğazından yan keçən alternativ marşrutdan istifadə etmək məqsədilə öz neftini Suriya ərazisindən ixrac etməyə hazırlaşır.
Qaziler.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Qeyd olunub ki, İraq neftinin yük avtomobilləri ilə Suriyanın Aralıq dənizi sahilindəki Baniyas limanına çatdırılması, oradan isə tankerlərlə yola salınması planlaşdırılır.
Suriyanın dövlət "Syrian Petroleum Co." şirkətinin rəhbəri Yusef Kiblavi "Bloomberg" agentliyinə bildirib ki, İraq hökuməti artıq mövcud olan mazut tədarükünə əlavə olaraq neftin də çıxarılmasını təşkil etmək xahişi ilə Suriyaya müraciət edib. Onun sözlərinə görə, iki ölkə arasında razılaşma demək olar ki, hazırdır və İraq neftinin yük maşınları ilə daşınmasına yaxın vaxtlarda başlanıla bilər.
"Ümid edirəm ki, oktyabrın ortalarına qədər Suriyaya neft daşıyan yük maşınlarının ilk karvanı daxil olacaq", — deyə Kiblavi qeyd edib.
Hazırda İraq mazutun bir hissəsini Baniyas limanına çatdırmaq üçün artıq yük avtomobillərindən istifadə edir. Daha sonra bu yanacaq növbəti ixrac üçün tankerlərə yüklənir. Kiblavinin sözlərinə görə, daşımalara hər gün təxminən 1000 yük maşını cəlb olunur və onların hər biri təxminən 220 barel yanacaq daşımaq qabiliyyətinə malikdir.
QAZİLER.AZ

