İran Fransa hakimiyyətinin məktəbli etirazlarının iştirakçılarına qarşı hərəkətləri ilə əlaqədar Fransanın Tehrandakı səfiri Pyer Koşarı Xarici İşlər Nazirliyinə çağırıb.
Qaziler.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Tehran Parisdən dinc toplaşmaq hüququnun təmin edilməsini və polisin həddindən artıq güc tətbiq etməsi barədə məlumatların araşdırılmasını tələb edib.
"Press TV"nin məlumatına görə, P.Koşar çərşənbə axşamı İran Xarici İşlər Nazirliyinə çağırılıb və burada İnsan Hüquqları Departamentinin baş direktor müavini Həmid Əhmədi Tehranın etirazçılarla rəftardan duyduğu narahatlığı ifadə edib.
Əhmədi bildirib ki, Fransa insan hüquqları sahəsindəki beynəlxalq müqavilələrin müddəalarına əməl etməyə borcludur. O, Fransa hakimiyyətini vətəndaşların fundamental hüquqlarını, o cümlədən dinc toplaşmaq hüququnu təmin etməyə çağırıb.
İran rəsmisi həmçinin hüquq-mühafizə orqanları tərəfindən həddindən artıq güc tətbiq edilməsi barədə məlumatların araşdırılmasını və etiraz iştirakçılarının hüquqlarının mümkün pozuntularını öyrənmək üçün müstəqil mexanizmin yaradılmasını tələb edib.
Əhmədinin sözlərinə görə, Tehran etirazlar zamanı insanların xəsarət alması və 5 mindən çox şəxsin saxlanılması barədə məlumatlardan narahatdır. O, həmçinin Fransa polisinin və təhlükəsizlik qüvvələrinin məktəb ərazilərinə və sinif otaqlarına daxil olması ilə bağlı xəbərlərdən narahatlığını ifadə edib.
Qeyd edək ki, Fransada etirazlar sentyabr ayında məktəb infrastrukturunun vəziyyəti, müəllim çatışmazlığı və təhsil sahəsindəki digər problemlər səbəbindən başlayıb. Zaman keçdikcə aksiyalar ölkə boyu yayılıb. Etirazların pik nöqtəsində aksiyalar 1000-dən çox məktəbi əhatə edib, bir neçə şəhərdə isə nümayişçilərlə polis arasında toqquşmalar baş verib.
Fransa hakimiyyəti 5 mindən çox şəxsin saxlanıldığını, onların əksəriyyətinin yetkinlik yaşına çatmayanlar olduğunu bildirib. İğtişaşlar nəticəsində şagirdlər, məktəb işçiləri və polislər xəsarət alıb, onlarla təhsil müəssisəsinə ziyan dəyib və ya fəaliyyəti müvəqqəti dayandırılıb.
QAZİLER.AZ

