Kolumbiyada məhbuslar tərəfindən öyrədilmiş göyərçin ölkənin "Palordo" ciddi rejimli həbsxanasına smartfonlar üçün iki ədəd şarj kabeli çatdırmaq istəyərkən yaxalanıb.
Qaziler.az xəbər verir ki, bu barədə "Infobae" nəşri Kolumbiya Milli Penitensiar İnstitutuna (INPEC) istinadən məlumat yayıb.
Hadisə həbsxanada məhbuslarla görüş vaxtı baş verib. Quş daşıdığı yükün ağırlığından normal uça bilmədiyi üçün "Portal 1" kimi tanınan əraziyə enməyə məcbur olub.
Yayılan görüntülərdə quşun qanadlarına bağıanmış paketin içindən telefonlar üçün iki ədəd maqnitli şarj kabeli çıxıb. Mühafizəçilərin ehtimalına görə, yükün həbsxana həyətlərindən birinə çatdırılması planlaşdırılırmış və orada onu məhbuslar gözləyirmiş.
Müsadirə olunmuş maddi sübutlar məhkəmə polisinə təhvil verilib. Tapıntı qeydə alındıqdan və yükü çıxarıldıqdan sonra göyərçin sərbəst buraxılıb, çünki INPEC-in qaydalarında quşları həbsdə saxlamaq üçün xüsusi protokol nəzərdə tutulmayıb.
QAZİLER.AZ

