Tacikistan xarici işlər nazirinin müavini İdibek Kalandar bəyan edib ki, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) siyasiləşməsi onun müstəqil bir qurum kimi statusuna zərbə vurur.
Qaziler.az xəbər verir ki, onun bu sözlərini TASS agentliyi sitat gətirib.
İ.Kalandar ölkə parlamentinin aşağı palatasının deputatları qarşısında çıxış edərək, onları "Beynəlxalq Cinayət Məhkəməsinin Statutunun qüvvədən düşməsi haqqında" qətnaməni qəbul etməyə çağırıb. Diplomatın sözlərinə görə, məhkəmənin fəaliyyətində getdikcə artan siyasiləşmə beynəlxalq cinayət ədalət mühakiməsini dövlətlərarası mübahisələrin həllində tədricən siyasi təzyiq alətinə çevirir və bununla da müəyyən edilmiş diplomatik çərçivələri görməzlikdən gəlir.
Qeyd edək ki, sentyabrın 17-də Tacikistan parlamentinin aşağı palatası BCM-in statusuna xitam verilməsi haqqında qətnamə layihəsinin müzakirə olunduğu iclas keçirib. Qəbul edilmiş qərarın təfərrüatları tam açıqlanmır.
Xatırladaq ki, Tacikistan 1 iyul 2002-ci il tarixindən etibarən BCM-in iştirakçı dövlətidir. Duşənbə Roma Statutunu 30 noyabr 1998-ci ildə imzalayıb, 5 may 2000-ci ildə isə ratifikasiya edib.
QAZİLER.AZ

