İsrail Hərbi Hava Qüvvələri (HHQ), ikinci pilotun kapitana hücumundan sonra göyərtəsində 150 ölkə vətəndaşının olmasına baxmayaraq, "Flydubai" təyyarəsini vurmağa hazır olub.
Qaziler.az xəbər verir ki, bu barədə "CBS News" telekanalına vəziyyətlə tanış olan iki İsrail mənbəsi məlumat verib.
Həmsöhbətlərin sözlərinə görə, İsrailin 11 sentyabr terror aktına bənzər hadisələrə reaksiya vermək üçün hazırlanmış xüsusi alqoritmi var. Təyyarə kəskin şəkildə hündürlüyü azaltdıqdan sonra İsrail HHQ heyətlə əlaqə saxlamağa çalışıb. Uğursuz cəhddən sonra əvvəlcədən formalaşdırılmış komitə çağırılıb və komanda mərkəzi yaradılıb.
İsrail öz hava məkanını bağlayıb və qırıcı təyyarələri havaya qaldırıb. Təyyarənin kursunu dəyişərək Səudiyyə Ərəbistanı istiqamətinə yönəldiyi məlum olduqdan sonra qırıcılar geri çağırılıb, Səudiyyə rəhbərliyi isə əksinə, öz təyyarələrini həyəcan siqnalı ilə havaya qaldırıb.
Əgər təyyarə kursunu dəyişməsəydi, qırıcıların pilotları kokpitdə nə baş verdiyini görmək, sərnişinlərin vəziyyətini qiymətləndirmək və məlumatı komanda mərkəzinə ötürmək üçün ona kifayət qədər yaxınlaşmalı idilər. Təyyarənin qaçırıldığı və terroristlərin heç bir tələb irəli sürmədiyini müəyyən etsəydilər, komitə müdafiə naziri və baş nazirlə əlaqə saxlamalı idi.
Protokola əsasən, təyyarənin vurulması barədə qərarı şəxsən baş nazir qəbul etməlidir. Mənbələrin bildirdiyinə görə, təyyarə qaçırılması və potensial terror aktı ehtimalı yarandıqda, bu addım təyyarənin göydələnə, aeroporta və ya digər yerüstü hədəfə çırpılması nəticəsində yüzlərlə insanın həlak olmasından daha az zərərli variant kimi qiymətləndirilir.
QAZİLER.AZ

