Fransa Prezidenti Emmanuel Makron nüvə yükü daşımaq qabiliyyətinə malik modernləşdirilmiş M51.3 ballistik raketinin ilk sınaq buraxılışının video görüntülərini yayımlayıb.
Qaziler.az xəbər verir ki, bu barədə Fransa lideri özünün "X" sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.
Təqdim olunan videoda siyasətçi raketin buraxılışını izləyir, daha sonra isə hərbçilər qarşısında nitq söyləyir.
Nüvə yükü daşıya bilən M51.3 ballistik raketinin sınaqları bugünkü gündə, yəni oktyabrın 6-da keçirilib. Fransa Müdafiə Nazirliyindən verilən məlumata görə, döyüş başlığı olmayan raket Bretan sahillərində "Le Vijilant" ("Le Vigilant") sualtı qayığından atılıb və sahil xəttindən yüzlərlə kilometr uzaqda, Şimali Atlantika okeanına düşüb.
"Çoxməqsədli “Overn” (“Auvergne”) freqatının göyərtəsində mən strateji raketdaşıyıcı atom sualtı qayığı “Vijilan”dan yeni M51.3 ballistik raketinin ilk buraxılışında şəxsən iştirak etdim", – deyə Makron yazıb.
O qeyd edib ki, dünyada çox az sayda ölkə bu cür yüksək ustalıq səviyyəsinə sahibdir.
Fransa liderinin sözlərinə görə, azad olmaq üçün "qorxu yaratmaq lazımdır, qorxu yaratmaq üçün isə güclü olmaq mütləqdir".
QAZİLER.AZ

