Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Mülki Aviasiya Baş İdarəsi "Flydubai" aviaşirkətinin təxirə salınmış reyslərində qalan bütün sərnişinlərin ölkədən İsrailə təxliyəsini başa çatdırıb.
Qaziler.az xəbər verir ki, bu barədə "Khaleej Times" qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, oktyabrın 2-dən bəri Dubaydan İsrailin Ben-Qurion hava limanına 37 reys yerinə yetirilib və bu reyslərdən 7 479 sərnişin yararlanıb. Qeyd olunur ki, təxliyə uçuşları "Etihad Airways" və İsrail aviaşirkətləri tərəfindən həyata keçirilib.
İdarədən vurğulanıb ki, "Etihad Airways" Təl-Əvivə müntəzəm uçuşlarını davam etdirir.
Daha əvvəl, Əmirliklərin "Flydubai" aviaşirkəti, Səudiyyə Ərəbistanında təcili eniş edən təyyarənin göyərtəsində baş vermiş insidentdən sonra hakimiyyət orqanlarının tələbi ilə Təl-Əvivə reysləri müvəqqəti olaraq dayandırmışdı. Sentyabrın 30-da Dubaydan Təl-Əvivə uçan "Flydubai" reysi, təhlükəsizlik sahəsindəki insident səbəbindən Tabuk şəhərinin hava limanına təcili eniş edib. Oktyabrın 1-də Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi təsdiqləyib ki, hadisəyə ikinci pilotun gəmi kapitanına hücum etməsi səbəb olub və nəticədə hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
QAZİLER.AZ

