Niderlandda Qərbi Nil qızdırmasından ölənlərin sayı 9 nəfərə yüksəlib.
Qaziler.az xəbər verir ki, bu barədə Milli İctimai Səhiyyə və Ətraf Mühit İnstitutu (RIVM) məlumat yayıb.
Qurumun bəyanatında bildirilir: "Ümumilikdə Qərbi Nil virusunun törətdiyi infeksiyadan 9 pasiyent vəfat edib".
Qeyd olunur ğ ki, Niderlandda rəsmi qeydiyyata alınan ümumi yoluxma hallarının sayı 56-ya çatıb.
Bu ilin sentyabr ayının sonunda "Der Spiegel" qəzeti yazırdı ki, mövsümün əvvəlindən bəri Avropa ölkələrində Qərbi Nil virusuna təxminən 1600 yoluxma halı qeydə alınıb. Üstəlik, xəstələnənlərin əksəriyyəti xaricə səfərlər zamanı deyil, birbaşa Avropa ərazisində yoluxublar. Ən çox yoluxma faktı İtaliya, Yunanıstan və İspaniyanın payına düşür. Almaniyada isə dörd hal aşkarlanıb.
Avropa səhiyyə xidmətlərinin məlumatına görə, Yunanıstanda 355, İspaniyada 125, Fransada 102, Rumıniyada 91, Şimali Makedoniyada 69, Serbiyada 46, Niderlandda isə 28 yoluxma qeydə alınıb.
Qərbi Nil virusu əsasən ağcaqanadlar və vəhşi quşlar arasında dövr edir. Lakin yoluxmuş ağcaqanadlar infeksiyanı insanlara və digər məməlilərə də yoluxdura bilər. Virusun Avropada yayılması, xüsusən də ətraf mühit şəraitinin dəyişməsi və yeni ağcaqanad növlərinin ortaya çıxması ilə asanlaşır.
QAZİLER.AZ

