Benzin qıtlığı və kəskin bahalaşma Monqolustanda etirazlara səbəb oldu - VİDEO

Benzin qıtlığı və kəskin bahalaşma Monqolustanda etirazlara səbəb oldu - VİDEO backend

Monqolustanda yanacaq böhranı səbəbindən kütləvi etiraz aksiyaları başlayıb. Ulan-Bator şəhərində sürücülər benzin probleminin həll olunmasını və artan qiymətlərin qarşısının alınmasını tələb edərək aksiyaya çıxıblar.

Qaziler.az xəbər verir ki, bu barədə "News.MN" nəşri məlumat yayıb.

Böyük insan kütləsi Süxe-Bator meydanına toplaşıb. Avtomobillər meydanın hər iki tərəfində cərgəyə düzülüb, sürücülər maşınlardan düşərək hərəkətsiz dayanıb, bəziləri isə siqnal verərək narazılıqlarını bildiriblər. Aksiyaya tələbələr və yaşlı insanlar da qoşulub.

Etirazçılar bildiriblər ki, aylardır avtomobillərini normal şəkildə yanacaqla təmin edə bilmirlər. Onlar yanacaqdoldurma məntəqələrinin (YDM) qarşısında kilometrlərlə uzanan növbələrdə dayanmaq və yanacaq gətirilməsini gözləyərək maşınlarında gecələmək məcburiyyətində qalırlar.

Etirazçılar, həmçinin ərzaq məhsullarının qiymətinin artmasından da narazılıqlarını ifadə ediblər. "UBN" nəşrinin məlumatına əsasən, bir il ərzində qoyun əti təxminən 10 min tuqrik (təxminən 4.40 AZN), mal əti isə 40 min tuqrikədək (təxminən 17.60 AZN) bahalaşıb. Qiymət artımı tərəvəz, un, yarma, elektrik enerjisi, istilik və su təchizatına da təsir edib.

"Biz anlayırıq ki, yanacaq çatışmazlığı beynəlxalq vəziyyətlə bağlıdır. Lakin müstəqil bir ölkənin bu vəziyyətə düşməsini qəbul edə bilmirik. Vergilər və rüsumlar artır, iqtisadi şərait isə ağırdır", — deyə etirazçılardan biri bildirib.

Ölkədə yanacaq böhranı təxminən 50 gündür ki, davam edir. "AI-92" markalı benzinin topdansatış qiyməti bir ay ərzində bir ton üçün 85 dollardan 105 dollara yüksəlib. Monqolustan rəsmiləri bunu Rusiyanın neft emalı zavodlarına (NEZ) edilən dron zərbələri ilə əlaqələndirir və Rusiyadan tədarükdə yaranan fasilələrin iki-üç il sürə biləcəyini ehtimal edirlər.

QAZİLER.AZ