İsrail Prezidenti İshak Hersoq qəza təhlükəsi ilə üzləşən "FlyDubai" təyyarəsində köməklik göstərən dörd İsrail vətəndaşını mükafatlandırmağı planlaşdırır.
Qaziler.az xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti məlumat yayıb.
Ölkə başçısının sözlərinə görə, üç nəfər pilot kabinasına daxil olaraq onlardan birini zərərsizləşdirməyi bacarıb. Həmin vaxta qədər digər pilot artıq cinayətkar tərəfindən yaralanmışdı. Xəsarət alan şəxsə ilk yardımı isə tibb işçisi olan daha bir İsrail vətəndaşı göstərib. Hersoq hər dörd nəfərə mülki qəhrəmanlığa görə prezident mükafatının verilməsini tövsiyə edib.
Ölkə başçısı, həmçinin təyyarənin göyərtəsində olan həmin tibb işçisinin həyat yoldaşına da təşəkkürünü bildirib. Məhz o, kabinada qeyri-adi bir vəziyyətin yarandığını hiss edərək həyəcan təbili çalıb.
Nəşrdə qeyd olunur ki, sərnişinlərin və heyət üzvlərinin operativ hərəkətləri böyük bir fəlakətin qarşısını alıb.
Hersoq artıq həmin vətəndaşlarla danışıb və göstərdikləri şücaətə görə onlara dərin minnətdarlığını çatdırıb.
Xatırladaq ki, ötən gün "FlyDubai" şirkətinə məxsus Tel-Əvivə uçan təyyarə az qala aviaqəzaya uğrayacaqdı. Pilotlardan biri təyyarəni aşağı endirməyə başlayıb və həmkarı onu saxlamağa çalışdıqda, ona bıçaqla hücum edib.
Həmin şəxs sərnişinlər tərəfindən zərərsizləşdirilib. Göyərtədə olan sərnişinlər arasında digər pilotlar da olub ki, onlar təyyarəni Səudiyyə Ərəbistanına tərəf yönəldərək uğurlu eniş ediblər.
QAZİLER.AZ

