Polşa hakimiyyəti respublikadakı daimi ABŞ hərbi bazasına Amerika prezidenti Donald Trampın adının verilməsinə qarşı deyil.
Qaziler.az "TVP Info"ya istinadla xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bəyan edib.
"Fort Trump" adlandırılması ilə bağlı heç bir problem yoxdur. Bilirəm ki, bazanın adlandırılması məsələsi müzakirədə mühüm rol oynayır, ona görə də mənim fikrimcə, bu, həqiqətən də heç bir problem yaratmamalıdır. Bu, ABŞ hərbi qulluqçularının Polşada daimi mövcudluğu üçün hər zaman ödəməyə dəyən bir bədəldir", — deyə o bildirib.
Bundan əvvəl Polşa prezidenti Karol Navrotski bəyan etmişdi ki, Polşada ABŞ-nin daimi hərbi bazası yaradılacağı təqdirdə Donald Trampın şərəfinə "Fort Tramp" adını ala bilər. Polşa liderinin sözlərinə görə, o, obyektin tikintisinin Trampın prezidentlik müddəti bitənədək – 2029-cu ilə qədər başa çatacağını gözləyir. O, ABŞ prezidentinin bazanın açılış mərasimində şəxsən iştirak edə biləcəyinə ümid etdiyini bildirib.
Eyni zamanda, Polşanın xarici işlər naziri Radoslav Sikorski hərbi bazaya Trampın adının verilməsini təhqiredici hesab edib.
QAZİLER.AZ

