Bolqarıstanın tanınmış iş adamı, "PIMK" nəqliyyat-inşaat şirkətinin təsisçisi və Plovdivin "Botev" futbol klubunun sahibi 53 yaşlı Iliyan Filipov güllələnərək öldürülüb.
Qaziler.az bildirir ki, NOVA telekanalının Bolqarıstan Daxili İşlər Nazirliyinə istinadən yaydığı məlumata görə, qətl hadisəsi bu gecə (30 sentyabr) Plovdivin "Xristo Smirnenski" rayonunda, Filipova məxsus obyektlərin birində baş verib. Sahibkar başına vurulan bir odlu silah yarası nəticəsində yerindəcə keçinib.
Dairə prokuroru Vanya Xristova faktla bağlı qəsdən adamöldürmə maddəsi ilə cinayət işinin açıldığını bildirib.
Hadisə yerinə çoxlu sayda polis qüvvələri cəlb olunub və cinayəti törədən şəxsin tapılması üçün əməliyyat başladılıb.
Qeyd edək ki, Iliyan Filipovun 2000-ci ildə əsasını qoyduğu "PIMK" şirkəti Bolqarıstanın ən böyük logistika nəhənglərindən biri hesab olunur.
Şirkətin 1600-dən çox əməkdaşı var və illik dövriyyəsi yüz milyonlarla lev təşkil edir.
QAZİLER.AZ

