Dubaydan Tel-Əvivə uçan sərnişin təyyarəsində pilotların davası havada qaçırılma həyəcanına səbəb olub, İsrail qırıcıları havaya qaldırılıb.
Qaziler.az bildirir ki, "Ynet" və digər beynəlxalq KİV-lərin məlumatına görə, "Flydubai" aviaşirkətinə məxsus təyyarə İordaniya hava məkanına daxil olarkən əvvəlcə ümumi fövqəladə vəziyyət siqnalı (7700), daha sonra isə təyyarənin qaçırılması və ya qanunsuz müdaxiləni bildirən xüsusi "7500" kodunu ötürüb.
Siqnalın ardınca İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları dərhal havaya qaldırılıb, Baş nazir Benjamin Netanyahu və Müdafiə naziri təcili təhlükəsizlik iclası keçiriblər.
Lakin sonradan məlum olub ki, göyərtəsində 174 sərnişin olan təyyarə qaçırılmayıb. İsrail təhlükəsizlik mənbələrinin verdiyi məlumata görə, həyəcan siqnalının aktivləşməsinə kokpitdə pilotlar arasında yaşanan əlbəyaxa dava səbəb olub. Marşrutunu dəyişən hava gəmisi Səudiyyə Ərəbistanının Təbuk şəhərindəki hava limanına təhlükəsiz eniş edib.
QAZİLER.AZ

