Sağ müxalifətin çoxluqda olduğu İspaniya Senatı Fransa Prezidenti Emmanuel Makronun Madridə rəsmi səfəri zamanı İspaniya ilə Fransa arasında dostluq sazişinin təsdiqlənməsini rədd edib.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, sənədin əleyhinə sağçı Xalq Partiyası (PP) və ifrat sağçı Vox partiyasından olan 142 senator səs verib. Baş nazir Pedro Sançesin rəhbərlik etdiyi Sosialist Partiyasının 106 senatoru isə sazişin lehinə səs verib.
Səsvermə Senatdan bir neçə yüz metr məsafədə yerləşən Kral Sarayında Makron, Kral VI Felipe və Kraliça Letisiyanın iştirakı ilə rəsmi şam yeməyinin başladığı vaxt keçirilib.
Fransa ilə İspaniya arasında dostluq sazişi ilk dəfə 2023-cü ilin yanvarında Barselonada Emmanuel Makron və Pedro Sançes tərəfindən imzalanıb.
Saziş daha sonra Madriddə Deputatlar Konqresi, Parisdə isə Fransa Milli Assambleyası və Senat tərəfindən təsdiqlənib.
Senatda mütləq çoxluğa malik olan Xalq Partiyası sazişin müəyyən bir maddəsinə etiraz edib.
Həmin maddəyə əsasən, iki ölkədən birinin hökumət üzvü ən azı üç ayda bir dəfə digər ölkənin Nazirlər Kabinetinin iclasına dəvət edilməlidir.
İspaniya məhkəməsi isə Makronun Madridə səfərindən bir neçə gün əvvəl — sentyabrın 23-də Fransa-İspaniya dostluq sazişinin konstitusiyaya uyğun olduğuna qərar verib.
Fransa İspaniyadan başqa Avropada Almaniya, İtaliya və Polşa ilə də bu tip dostluq sazişləri imzalayıb.
İspaniya isə analoji sazişləri yalnız digər qonşuları Portuqaliya və Mərakeşlə bağlayıb.
QAZİLER.AZ

