Almaniya da daxil olmaqla, altı Avropa ölkəsi Avropa İttifaqının növbəti yeddi il üçün yeni büdcəsi ilə bağlı ultimatum irəli sürüb.
Qaziler.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Financial Times" qəzeti həmin ölkələrin bəyanatına istinadən məlumat yayıb.
Qeyd olunub ki, bu ölkələr yüz milyardlarla avro məbləğində xərclərin azaldılması təmin edilməyəcəyi təqdirdə, büdcə razılaşmasının əldə olunmasını əngəlləməklə hədələyiblər. Belə bir tələblə Almaniya, Niderland, İsveç, Danimarka, Avstriya və Finlandiya çıxış edib.
Nəşrin məlumatına görə, sözügedən dövlətlər vəsaitləri hərbi-sənaye kompleksi və innovasiya şirkətləri sahəsinə yönəltmək, eyni zamanda Avropa İttifaqının aqrar sektorunun və daha yoxsul regionlarının maliyyələşdirilməsini ixtisar etmək istəyirlər. Altı ölkənin hakimiyyət orqanları vurğulayırlar ki, hazırda iqtisadiyyat və təhlükəsizlik sahəsindəki çağırışlara qarşı durmaq zəruridir.
Aİ-yə üzv ölkələr 2026-cı ilin sonuna qədər icmada 2028-ci ildən 2034-cü ilə qədər qüvvədə olacaq yeni uzunmüddətli büdcənin yekun variantını razılaşdırmalıdırlar. Layihəni Aİ Şurasına sədrlik edən İrlandiya payızda təqdim etməlidir.
QAZİLER.AZ

