Qətərin dövlət şirkəti "QatarEnergy" Hörmüz boğazında gəmiçiliklə bağlı davam edən fasilələr səbəbindən asiyalı və avropalı alıcılara mayeləşdirilmiş təbii qazın (MTQ) tədarükünə dair fors-major rejiminin müddətini uzadıb.
Qaziler.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Agentliyin mənbələrinin məlumatına görə, tədarükün ləğvi barədə bildirişi Pakistan və Banqladeş alıb - onlar üçün məhdudiyyətlər noyabr ayına qədər uzadılıb. İtaliyanın "Edison" energetika şirkəti də bəyan edib ki, onlara ediləcək tədarüklər dekabrın əvvəlinə kimi dayandırılıb. Analoji bildirişi ən azı bir Hindistan idxalçısı da alıb.
"Bloomberg" qeyd edir ki, Qətər tərəfindən tətbiq edilən bu məhdudiyyətlər Avropa İttifaqı (Aİ) ölkələrinə yeraltı MTQ anbarlarını planlaşdırılan müddətdə doldurmağa mane olacaq.
Bu, artıq ilk belə addım deyil: ABŞ və İran arasında müharibə başlayandan bəri "QatarEnergy" ayda təxminən bir dəfə fors-major rejimini yeniləyir və müqavilə əsasında nəzərdə tutulmuş tədarükləri ləğv edir. Məhdudiyyətə məruz qalan ümumi yüklərin sayı 29-a çatıb ki, bu da təxminən 3,8 milyard kubmetr qaza bərabərdir.
Qeyd edilib ki, buna səbəb Hörmüz boğazındakı vəziyyətdir. İran boğazın açılması üçün şərtləri yumşaltmaq niyyətində deyil, ABŞ ilə danışıqlar isə dalana dirənib. Əvvəllər qlobal MTQ tədarükünün təxminən beşdə biri bu boğaz vasitəsilə həyata keçirilirdi və Qətərin ixrac üçün demək olar ki, heç bir alternativ marşrutu yoxdur.
QAZİLER.AZ

