Yunanıstan bayrağı altında üzən "Blue Carrier-2" yük bərəsi Egey dənizində, Mikonos adasının şimalında alışıb.
Qaziler.az xəbər verir ki, bu barədə Yunanıstanın "ERT News" nəşri məlumat yayıb.
Məlumata görə, yanğın gəminin yük bölməsində başlayıb. Ekipaj üzvləri yanğını aşkar etdikdən sonra ilkin yanğınsöndürmə vasitələrindən istifadə ediblər və hadisə barədə təcili xidmətlərə məlumat veriblər. Göyərtədə 29 nəfər olub. İnsanların hamısı mütəşəkkil şəkildə Tinos adasına təxliyə edilib, xəsarət alan olmayıb.
Bərənin göyərtəsində 166 yük maşını və 29 minik avtomobili olub. Yanğının avtomobillərə ziyan vurub-vurmadığı hələlik məlum deyil.
Hadisə yerinə Yunanıstan Sahil Mühafizəsinin 4 kateri, patrul gəmisi, 2 sürətli yanğınsöndürmə kateri, Pireydən gələn yanğınsöndürmə gəmisi, 2 yedək gəmisi (buqsir) və digər gəmilər cəlb olunub.
QAZİLER.AZ

