İranın "Mahan Air" aviaşirkətinə məxsus təyyarə ABŞ-nin qüvvədə olan sanksiyalarına baxmayaraq, bu gün Çinin cənubundakı Quançjou şəhərində eniş edib.
Qaziler.az xəbər verir ki, bu barədə "FlightRadar24" uçuş izləmə xidmətinə istinadən "AFP" məlumat yayıb.
Qeyd olunub ki, IRM093 reysi yerli vaxtla saat 16:39-da Quançjouya enib. Bununla belə, "Mahan Air" təyyarəsinin eniş yeri qeyd olunsa da, reysin adı Quançjou "Bayyun" hava limanının rəsmi saytında görünməyib.
Buna qədər Vaşinqton Tehranın aviaşirkətlərinə və onlar ilə əməkdaşlıq edən qurumlara qarşı tədbirlər görəcəyi ilə hədələmişdi.
ABŞ-nin maliyyə naziri Skot Bessent iki gün əvvəl xəbərdarlıq etmişdi ki, İran təyyarələrinə "eniş zamanı xidmət göstərən" ölkələr dollar maliyyə sistemindən kənarlaşdırıla bilər.
"AFP" həmçinin xəbər verir ki, "Mahan Air"in Şanxaydakı ofisinin əməkdaşları agentliyin jurnalistinə uçuşların ləğvi ilə bağlı heç bir bildiriş almadıqlarını bildiriblər.
QAZİLER.AZ

