ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "F-16" qırıcısı bu gün, 22 sentyabr çərşənbə axşamı günü Almaniyanın qərbində, Reynland-Pfalts federal torpağındakı Şpanqdalam aviabazası yaxınlığında qəzaya uğrayıb.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Ayfel-Bitburq-Prüm dairəsinin verdiyi ilkin məlumata görə, hadisə nəticəsində bir nəfər xəsarət alıb.
ABŞ Hərbi Hava Qüvvələrinin bəyanatına görə, təyyarənin pilotu katapultasiya edərək uğurla xilas ola bilib və hazırda hadisənin səbəbləri araşdırılır. Almaniyanın "n-tv" telekanalı qəzanın təlim uçuşu zamanı baş verdiyini və pilotun sağ qaldığını dəqiqləşdirib. Yerli "Volksfreund" qəzeti isə insidentin "F-16" qırıcısı enişə keçərkən qeydə alındığını bildirib.
Hazırda xilasedicilər və yanğınsöndürmə briqadaları hadisə yerindədir. Pilotun xəsarətlərinin nə dərəcədə ciddi olduğu hələlik məlum deyil.
QAZİLER.AZ

