İran aviaşirkətləri sentyabrın 23-dən etibarən uçuşlar həyata keçirə bilməyəcəklər.
Qaziler.az xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent CNBC telekanalının efirində bəyanat verib.
“Bütün İran aviaşirkətləri sentyabrın 23-də dünya miqyasında uçuşlarını dayandıracaq. Və bilirsiniz bunu necə edəcəyik? Əgər onlar haradasa yerə ensələr, həmin ölkələrə onlara yanacaq vermək, eniş xidmətləri göstərmək və bilet satmaq qadağan olunacaq. Əks halda, həmin qurumlar dollar sistemindən kənarlaşdırılacaqlar”, – deyə nazirlik rəhbəri bildirib.
Bessent əlavə edib ki, Vaşinqton İran aviaşirkətləri ilə kimlərin əməkdaşlıq etdiyindən tam məlumatlıdır.
Qeyd edək ki, avqustun sonlarında ABŞ İrana qarşı “İqtisadi qaçqın” (Economic Outcast) adlı genişmiqyaslı əməliyyata başlayıb. Vaşinqton Tehranın gəlir mənbələrini tamamilə kəsmək niyyətindədir və İranla əməkdaşlığı davam etdirən, o cümlədən İran neftini alan və daşıyan üçüncü ölkələrin şirkətlərini ikincili sanksiyalarla təhdid edib.
QAZİLER.AZ

