“Newsweek” və “Radio Zet” radiostansiyasının yaydığı xəbərə görə, Polşa-Amerika Biznes Sammitinin qonaqlarına Polşa Prezidenti Karol Navrotski ilə 100.000 dollar müqabilində görüş təklif edilməsi qalmaqala səbəb olub.
Qaziler.az bu barədə TASS-a istinadla xəbər verir.
Xarici media jurnalistlərinin araşdırmasına görə, Nyu-Yorkda keçirilən forumun təşkilatçısı olan "İnkişaf Strategiyaları Mərkəzi" fondu potensial iştirakçılara "Platinum" paketi almağı təklif edib. Bu paketə Navrotski ilə təkbətək söhbət də daxil olub. Bununla belə, dərc olunan yazılarda bu təklifdən heç kimin yararlanmaq istəmədiyi xüsusilə vurğulanıb.
Açıqlanan materiallar Polşa hökumətinin nümayəndələrinin diqqətini çəkib. Ölkənin Nazirlər Kabinetinin mətbuat katibi Adam Şlapka sosial şəbəkələrdə paylaşım edərək, "böyük məbləğdə pul köçürməsinin" respublika rəhbəri ilə görüşməyə kömək edə biləcəyi ilə maraqlanıb. Polşa Müdafiə nazirinin müavini Sezari Tomçik isə öz növbəsində prezidenti bu məsələ ilə bağlı bəyanat yaymağa çağırıb.
Vəziyyəti şərh edən dövlət başçısının mətbuat katibi Rafal Leskeviç “Newsweek” və “Radio Zet”in xəbərlərini absurd adlandırıb. O əlavə edib ki, Navrotskinin administrasiyası Polşa liderinin forumda iştirakını hər hansı maliyyə yardımı ilə əlaqələndirməyib.
QAZİLER.AZ

