Serbiya Prezidenti Aleksandar Vuçiç prezident postundan istefa niyyətinin səbəblərini açıqlayıb.
"Report"un Balkan bürosu xəbər verir ki, Serbiya Prezidenti prezidentlik müddətinin gələn ilin aprelinə qədər davam etməsini məqsədəuyğun hesab etmədiyini vurğulayıb.
O bildirib ki, növbədənkənar parlament seçkiləri kampaniyasına adi vətəndaş kimi qatılmaq istəyir.
Vuçiç hakimiyyətdə olmadığı halda vətəndaşların ona və təqdim etdiyi proqram və planlara etibar edib-etmədiyini görmək istədiyini deyib.
"İstəyirəm ki, adi vətəndaş kimi seçki kampaniyasına qoşulum və insanların mənə etibar edib-etmədiyini görüm. Mən hakimiyyətdə olmayacağam. Əgər mənə və təqdim etdiyim proqram, planlar və baxışlara etibar etmirlərsə, qoy başqası qalib gəlsin. Mənim bununla problemim yoxdur", – deyə Vuçiç bəyan edib.
Serbiya Prezidenti qeyd edib ki, qanunvericiliyə əsasən seçki kampaniyası zamanı prezident vəzifəsində qala bilər, lakin bunun ona hər hansı üstünlük verməsini istəmir.
Xatırladaq ki, Aleksandar Vuçiç daha əvvəl 27 sentyabrda istefa verəcəyini açıqlamışdı. O bildirmişdi ki, BMT Baş Assambleyasının sessiyasında iştirak etdikdən sonra Serbiyaya qayıdaraq istefa verəcək və daha sonra seçki kampaniyasına adi vətəndaş kimi qoşulacaq.
Qeyd edək ki, Serbiyada növbədənkənar parlament seçkilərinin 2026-cı il oktyabrın 25-də keçirilməsi nəzərdə tutulur.
A.Vuçiç həmçinin vurğulayıb ki, istefadan sonra əsas məqsədi vətəndaşlardan hökumət rəhbəri vəzifəsinə namizəd kimi dəstək almaq olacaq.

