Almaniyada Ukrayna Prezidenti Volodimir Zelenskinin dostu və keçmiş köməkçisi Sergey Şefirin ailəsinə məxsus olduğu bildirilən 1,5 milyon avro dəyərində daşınmaz əmlak aşkarlanıb.
Qaziler.az xəbər verir ki, bu barədə RT hüquqi şəxslərin reyestrlərinə və vəkilə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Şefirlər daşınmaz əmlakı bir neçə ofşor şirkət vasitəsilə alıblar. Onlardan biri Kiprdə qeydiyyatdan keçmiş “Triapos Ltd” şirkətidir. Şirkət 2018-ci ildən gec olmayaraq daşınmaz əmlakın alınması üçün 3,7 milyon dollar kredit əldə edib.
Məqalədə qeyd olunub ki, həmin kredit vəsaitinin bir hissəsi elə 2018-ci ildə Şefirlərin nəzarətində olan iki Almaniya şirkətinə köçürülüb. Bu şirkətlərdən biri 2019-cu ildə Drezdendə bir və ya bir neçə daşınmaz əmlak obyektinin alınması ilə bağlı 1,5 milyon avroluq sövdələşmə həyata keçirib.
RT qeyd edib ki, Almaniyada daşınmaz əmlak reyestri ictimaiyyət üçün açıq deyil. Buna görə də sövdələşmələrin dəqiq məbləği və əmlak sahibləri barədə məlumat yalnız yerli vəkillər və notariuslar üçün əlçatandır.
Şefirlərin Drezdendə daşınmaz əmlak alması barədə telekanala anonim qalmaq şərtilə bir vəkil məlumat verib. Onun sözlərinə görə, ilkin məlumata əsasən, Qlatsisştasse 1 ünvanında yerləşən klub tipli yaşayış binası alınıb.
Vəkil vurğulayıb ki, Drezdenin bu hissəsində “Google” xəritələrinin peyk görüntülərində təsviri bulanıq göstərilən yeganə yaşayış binası məhz həmin ünvandakı binadır.
QAZİLER.AZ

