ABŞ Qrenlandiyadakı hava limanını gələcək istifadə üçün araşdırır

ABŞ Qrenlandiyadakı hava limanını gələcək istifadə üçün araşdırır backend

ABŞ hərbçiləri Qrenlandiyanın cənubundakı Narsarsuaq hava limanını gələcəkdə NATO-ya üzv ölkələr tərəfindən mümkün istifadəsi məqsədilə xüsusi ölçmə avadanlıqları ilə araşdırıb.

Qaziler.az xəbər verir ki, bu barədə Danimarkanın DR tele-radio şirkəti məlumat yayıb.

Sentyabrın əvvəlində Danimarkanın müdafiə naziri Yeppe Bruus və Qrenlandiyanın xarici işlər naziri Mute Eqede bildiriblər ki, Danimarka Müdafiə Nazirliyi ilə Qrenlandiya hökuməti Narsarsuaq hava limanının istismar müddətinin daha bir il uzadılması barədə razılığa gəliblər. Bu müddət ərzində hava limanından Danimarka hərbçilərinin və ya Şimali Atlantika Alyansına üzv digər ölkələrin hərbçilərinin necə istifadə edə biləcəyi müəyyənləşdiriləcək.

Tele-radio şirkətinin yaydığı məlumata görə, ABŞ hərbçiləri, xüsusilə də uçuş-enmə zolağının və hərbi bazanın digər mümkün obyektlərinin topoqrafik ölçmə və xəritələndirmə işlərini aparıblar.

ABŞ Silahlı Qüvvələrinin Şimal Komandanlığı tele-radio şirkətinə təsdiqləyib ki, xəritələndirmə işləri Qrenlandiya və Danimarka hökumətləri ilə birgə həyata keçirilir.

Qeyd edək ki, Qrenlandiya Danimarka Krallığının tərkibindədir. Lakin ABŞ Prezidenti Donald Tramp dəfələrlə adanın ABŞ ərazisinin bir hissəsinə çevrilməli olduğunu bəyan edib.

QAZİLER.AZ