Türkiyədə Qarabağ parkı açılır

Türkiyədə Qarabağ parkı açılır backend

Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Afşin bələdiyyə başqanı Mehmet Fateh Güvənlə görüşündə Qarabağ adının mərkəzdə yerləşən parka verilməsindən dolayı təşəkkür edib.

Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, millət vəkili Q.Paşayeva Türkiyənin müxtəlif bölgələrində Qarabağ adını daşıyan park və abidələrin artmasının dosta da, düşmənə də bir mesaj olmaqla bərabər, gənc nəsillərin ortaq tarix və həqiqətlərimizi dərindən bilməsi üçün önəmli olduğunu deyib.

Qarabağ problemi, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, Xocalı soyqırımı barədə danışan millət vəkili bildirib: “İnanıram ki, biz birlik və bərabərlik içində torpaqlarımızı Ermənistanın işğalından tezliklə azad edəcəyik və Dağlıq Qarabağda və bütün işğaldan azad edəcəyimiz o gözəl torpaqlarımızda da tədbirlər, görüşlər keçirəcəyik. İnşallah, bir gün işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda da Afşin adına bir parkın açılışında iştirak etməyi Allah bizə nəsib etsin”.

Afşin bələdiyyə başqanı Mehmet Fateh Güvən Qarabağ problemini Türkiyənin də problemi adlandırıb və Afşində Qarabağ adını daşıyacaq parkın yüksək səviyyədə hazırlanacağını deyib. O, Türkiyənin Qarabağ məsələsində hər zaman Azərbaycanın yanında olacağını bildirib.

Azərbaycan ilə Türkiyə arasında,ölkələrimizin rəhbərləri arasında bütün sahələrdə yüksək səviyyədə əlaqələrin olduğunu bildirən millət vəkili Qənirə Paşayeva Azərbaycanın daim qardaş Türkiyənin, Türkiyənin də daim Azərbaycanın yanında olduğunu vurğulayıb. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri, bələdiyyələri arasında da bu əlaqələrin getdikdə daha da genişlənməsinin vacibliyini qeyd edib. Qənirə Paşayeva Azərbaycan ilə Türkiyənin bir çox şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, qədim Afşini Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiklərini bildirdi.

Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Afşin bələdiyyyə başqanına həmmüəllifi olduğu "Qarabağ hekayətləri" (“Karabağ hikayeleri”) kitabını, Azərbaycanın tarixi, mədəniyyəti, Dağlıq Qarabağ həqiqətlərindən bəhs edən kitabları, matreialları, rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstutu İB-nin hazırladığı “Azərbaycan həqiqətləri” sənədli filmlər kataloqunu hədiyyə edib.