Yaponiyada tarixi rekord: Yaşı 100-dən yuxarı olanların sayı 100 mini keçdi

Yaponiyada tarixi rekord: Yaşı 100-dən yuxarı olanların sayı 100 mini keçdi backend

Yaponiya hökuməti ölkədə hər il sentyabrın 15-də qeyd olunan "Ahıllara Hörmət Günü" münasibətilə artan yaşlı əhali ilə bağlı statistik məlumatları açıqlayıb.

Qaziler.az TRTHaber-ə istinadla xəbər verir ki, ölkənin Səhiyyə, Əmək və Rifah Nazirliyinin məlumatlarına görə, 100 yaşdan yuxarı əhalinin sayı artıq 56 ildir ki, davamlı olaraq yüksəlir.

Sentyabr ayı da daxil olmaqla ölkədə 100 yaşını keçmiş şəxslərin sayı 107 min 677 olaraq qeydə alınıb. Beləliklə, ölkədə "bir əsri geridə qoyanların" sayı Yaponiya tarixində ilk dəfə 100 min nəfərlik həddi ötüb.

Ötən ilin məlumatları ilə müqayisədə bu göstərici 7 min 914 nəfər artıb. 100 yaşdan yuxarı olanların 94 min 298-nin qadın, 13 min 379-nun isə kişi olduğu bildirilir.

Ölkənin ən yaşlı qadını 114 yaşlı Kişimoto Fuyo, ən yaşlı kişisi isə 112 yaşlı Kato Hikaru olaraq qeydə alınıb.

Yaponiyada "bir əsri geridə qoymuş" şəxslərlə bağlı demoqrafik məlumatlar ilk dəfə 1963-cü ildə qeydə alınmağa başlayıb.

Yüz yaşdan yuxarı insanların sayı ilk dəfə 1981-ci ildə 1000-i, 1998-ci ildə 10 mini, 2012-ci ildə isə 50 mini keçib.

Məlumatlara görə, Yaponiyada orta ömür uzunluğu qadınlarda 87,3, kişilərdə isə 81,3 il təşkil edir.

QAZİLER.AZ