Almaniyanın Mayns şəhərində təcili xidmət əməkdaşları Teodor Heuss körpüsünün yaxınlığında polad trosda ilişib qalan qağayını xilas etmək üçün əməliyyat keçiriblər.
Qaziler.az “Zeit” nəşrinə istinadla xəbər verir ki, quşu xilas etmək üçün körpüdə avtomobillərin hərəkətini müvəqqəti dayandırmaq lazım gəlib.
Yanğınsöndürənlərin məlumatına görə, qağayı körpünün konstruksiyasından təxminən səkkiz metr məsafədə ilişib qalmış və öz gücü ilə azad ola bilmirmiş. Əlverişsiz yerdə olduğu üçün ona yerdən yaxınlaşmaq mümkün olmayıb.
Xilasedicilərin quşa təhlükəsiz şəkildə yaxınlaşa bilməsi üçün körpüdə nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Daha sonra yanğınsöndürənlər xüsusi fırlanan nərdivandan istifadə edərək qağayının yanına çatıblar və onu trosdan azad ediblər.
Quş xilas edildikdən sonra olduqca yorğun vəziyyətdə olsa da, özü uçaraq ərazidən uzaqlaşıb. Əməliyyatı çoxsaylı yoldan keçənlər izləyib. Qağayı azad edildikdən sonra ərazidəki insanlar xilasediciləri alqışlayıblar.
QAZİLER.AZ

