İspaniya sahillərində suyun temperaturu rekord həddə çatıb

İspaniya sahillərində suyun temperaturu rekord həddə çatıb backend

Bu yay İspaniyanın Atlantik okeanı sahillərində və Aralıq dənizi sahillərində suyun temperaturu rekord həddə çatıb.

Qaziler.az bu barədə Qərb KİV-lərinin yaydığı məlumata istinadla xəbər verir.

Məlumata görə, temperaturun monitorinqi üçün istifadə olunan bir neçə dəniz şamandırası rekord göstəricilər qeydə alıb. Belə ki, Balear adaları yaxınlığında yerləşən şamandıra avqustun 5-də 33,02 dərəcə Selsi temperatur göstərib. Bu, aparılan müşahidələrin bütün tarixində qeydə alınan ən yüksək göstəricidir.

İspaniyanın şimal-şərqində, Barselona və Tarraqona şəhərləri yaxınlığındakı sahil şamandıraları isə avqustun 9-da müvafiq olaraq 30,5 və 30,7 dərəcə Selsi temperatur qeydə alıb.

Rekord göstəricilər şimal sahillərində yerləşən Biskay körfəzində də qeydə alınıb. Pasajes şəhəri yaxınlığında suyun temperaturu 28,4 dərəcəyə çatıb.

Yay aylarında İspaniyada son dərəcə isti hava hökm sürüb. Ölkənin bir çox bölgəsində temperatur rekordları qeydə alınıb. Yüksək temperatur səbəbindən İspaniyada meşə yanğınları baş verib. Avropa Meşə Yanğınları Məlumat Sisteminə görə, yanğınlar təxminən 300 min hektar meşəni məhv edib.

QAZİLER.AZ