Husilər Yəməndə Qırmızı dənizin sahillərini tam nəzarətə götürüblər

Husilər Yəməndə Qırmızı dənizin sahillərini tam nəzarətə götürüblər backend

Yəmənin bütün qərb sahili husilərin nəzarətinə keçib.

Qaziler.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

“Hadisə yerindəki müxbirin məlumatına görə, husilər Yəmənin Qırmızı dəniz sahilində qalan son ərazini də ələ keçiriblər. Bununla da sahil xəttinə tam nəzarət əldə ediblər”, — telekanal xəbər verib.

Telekanalın məlumatına görə, husilər son saatlarda keçirdikləri hücum əməliyyatı çərçivəsində sahildə yerləşən Dubab şəhərinə və kiçik Murad yaşayış məntəqəsinə, daha sonra isə Bab əl-Məndəb boğazında yerləşən Perim adasına nəzarəti ələ keçiriblər.

Qeyd edək ki, sentyabrın 10-da hökumət qüvvələri husilərin hücumu qarşısında Qırmızı dəniz sahilində, Bab əl-Məndəb boğazının yaxınlığında yerləşən strateji əhəmiyyətli Moha liman şəhərindən geri çəkilməyə məcbur olublar.

Yəməndə münaqişə 2014-cü ildə başlayıb, lakin 2022-ci ildən etibarən ölkədə nisbi sakitlik hökm sürüb. Buna baxmayaraq, iyulun əvvəlindən hökumət qüvvələri ilə husilər arasında ölkənin müxtəlif bölgələrində döyüşlər yenidən intensivləşib. Ötən həftə husilər Yəmənin qərb sahili boyunca hücuma keçiblər.

QAZİLER.AZ