Norveçin mərhum kralı V Haraldın böyük bacısı, Norveç şahzadəsi Astrid 94 yaşında vəfat edib.
Qaziler.az xəbər verir ki, bu barədə Norveç kral ailəsi məlumat yayıb.
“Əlahəzrət Kral şahzadə Astridin vəfatı xəbərini dərin kədər hissi ilə qarşılayıb. Şahzadə bu gün, sentyabrın 11-də, cümə günü 94 yaşında vəfat edib”, — nekroloqda bildirilib.
Onun ölümünün səbəbi və şəraiti açıqlanmayıb.
Şahzadənin qardaşı oğlu, Norveçin yeni kralı VIII Hokkon bildirib ki, Astrid hər zaman cəmiyyətin ən həssas təbəqələrinə xüsusi qayğı və diqqət göstərib. Onun sözlərinə görə, şahzadə öz vəzifələrinə çox sadiq idi və onları fədakarlıq, əminlik və böyük həvəslə yerinə yetirirdi.
Qeyd edək ki, onun qardaşı, Norveç kralı V Harald avqustun 28-də 90 yaşında vəfat edib.
Ölümündən 11 gün əvvəl o, orqanizmdə maye yığılması səbəbilə xəstəxanaya yerləşdirilmiş, daha sonra isə qan dövranında bakterial infeksiya səbəbindən vəziyyəti ağırlaşmışdı.
Şahzadə Astrid 12 fevral 1932-ci ildə Osloda anadan olub. O, Norveçin gələcək kralı V Olaf və vəliəhd şahzadə Martanın ikinci qızı idi.
1940-cı ildə Almaniyanın Norveçə hücumundan sonra Astrid anası, bacısı və qardaşı ilə birlikdə ölkəni tərk edib. Ailə əvvəlcə İsveçə, daha sonra isə ABŞ-yə gedib və İkinci Dünya müharibəsinin sonuna qədər orada yaşayıb.
Norveçə qayıtdıqdan sonra Astrid Oksfordda siyasi tarix, həmçinin sosial-iqtisadi fənlər üzrə təhsil alıb.
Anasının 1954-cü ildə vəfatından sonra 22 yaşlı Astrid Norveçin birinci xanımı olub və atasını rəsmi tədbirlərdə təmsil edib. O, bu vəzifəni 1968-ci ilə qədər davam etdirib. Həmin il qardaşı Harald Sonya Haraldsenlə evlənib.
Astrid 1961-ci ildə sahibkar Yuhan Martin Fernerlə ailə həyatı qurub. Cütlüyün beş övladı olub. Ferner 2015-ci ildə vəfat edib.
Şahzadə Astrid həmçinin anası, vəliəhd şahzadə Martanın xatirə fonduna rəhbərlik edib.
QAZİLER.AZ

