Almaniya Leypsiq hava limanında baş vermiş dronla bağlı insidentlərdən sonra 150-dən çox rusiyalı diplomatı və onların ailə üzvlərini ölkədən çıxarmaq qərarına gəlib.
RBK-nin məlumatına görə, bu barədə Rusiyanın Berlindəki səfirliyi məlumat yayıb.
Rusiya diplomatik nümayəndəliyinin bildirdiyinə görə, Berlin Moskvanın bu insidentlərə aidiyyəti olduğunu təsdiqləyən sübutlar təqdim etməyib. Səfirlik qərarı “misli görünməmiş addım” adlandırıb. Arzuolunmaz şəxs elan olunan diplomatların sentyabrın 18-dək Almaniyanı tərk edəcəyi gözlənilir.
Bundan əvvəl Berlin Rusiyanın Bonndakı Baş Konsulluğunun və Berlindəki Rusiya Evinin bağlanacağını da elan edib.
Xatırladaq ki, avqustun 4-də Almaniyanın Leypsiq hava limanında Ukraynaya yük daşıyan təyyarələrin yaxınlığında partlayıcılarla yüklənmiş pilotsuz uçuş aparatı aşkarlanıb. Almaniya hökuməti hadisəni Rusiyanın təşkil etdiyi hücum cəhdi kimi qiymətləndirib və bildirilib ki, hücum baş tutsaydı, ciddi dağıntılara və insan tələfatına səbəb ola bilərdi. Moskva isə bu ittihamları rədd edib. (trend)

