Almaniyanın ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) - (Alternative für Deutschland) partiyasının həmsədri Tino Xrupalla Ukraynaya silah tədarükünün dayandırılmasını və Rusiyaya qarşı tətbiq olunan bütün sanksiyaların ləğv edilməsini təklif edib.
Qaziler.az RBK-Ukrayna"ya istinadən bildirir ki, Xrupalla bu barədə ZDF telekanalının efirində çıxış edib. O, partiyasının “böhran və münaqişə bölgələrinə silah tədarükünün” əleyhinə olduğunu bildirib.
“Biz Almaniyada Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün istifadə olunan pilotsuz uçuş aparatları istehsal edirik və buna qəti şəkildə qarşıyıq”, – deyə siyasətçi bildirib.
Xrupalla həmçinin Moskva ilə münasibətlərin bərpa edilməsinin vacibliyini vurğulayıb və Rusiyaya qarşı sanksiyaların tamamilə ləğv edilməsini müdafiə edib.
“Düşünürəm ki, istənilən formada sanksiyalar mənasızdır. Hər şeydən əvvəl, onlar Almaniya iqtisadiyyatına böyük zərər vurub”, – AfD-nin həmsədri qeyd edib.
O, Rusiyaya qarşı sanksiyaların davam etdirilməsinin Almaniyanın maraqlarına cavab vermədiyini bildirib.

