Lavrov diplomatiyanın yazılmamış qaydasından danışıb

Lavrov diplomatiyanın yazılmamış qaydasından danışıb backend

“Diplomatiya üzrə universal dərslik yazmaq mümkün deyil”.

Qaziler.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov “Sama Menşova” internet layihəsinə müsahibəsində bildirib.

Söhbət zamanı peşəkar diplomatların hər zaman emosiyalarını cilovlamasının vacib olub-olmadığı məsələsinə toxunulub.

“Burada dərslik yazmaq və müxtəlif situasiyaları əvvəlcədən nəzərdə tutmaq mümkün deyil. Bir vəziyyətdə oturub gülümsəməlisən, digərində göz vurmalısan, üçüncüsündə isə üzünü çevirib nəsə öz-özünə mızıldanmalısan. Bunu kimsə öyrətmir”, - deyə Rusiya XİN rəhbəri bildirib.

O qeyd edib ki, danışıqlar zamanı necə davranmağı bacarmaq insanın praktiki fəaliyyətə başlaması ilə formalaşır.

Lavrov 2015-ci ilin avqustunda baş verən və onun iştirakı ilə yadda qalan hadisəni də şərh edib. Həmin vaxt nazir Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel əl-Cubeyrlə birgə keçirdiyi mətbuat konfransında az eşidiləcək şəkildə “debillər” sözünü işlədib. Bu ifadə daha sonra geniş yayılaraq məşhur ifadəyə çevrilib.

Rusiya XİN rəhbərinin sözlərinə görə, həmin vaxt o, konkret vəziyyətin yaratdığı müəyyən hissləri ifadə edib.

“Buna görə peşman deyiləm. Bu, rus dilinin bir hissəsidir”, - deyə Lavrov bildirib.

O, zarafatla əlavə edib ki, “debillər” əslində xarici sözdür.

QAZİLER.AZ