İsveç hökuməti mütəşəkkil cinayətkar qruplaşmalarda iştirakın kriminallaşdırılmasını, eləcə də ən ağır hallarda bu qruplaşmaların liderlərinə qarşı ömürlük həbs cəzasının tətbiqini nəzərdə tutan qanun layihəsi hazırlayıb.
Qaziler.az xəbər verir ki, bu barədə keçirilən mətbuat konfransında Baş nazir Ulf Kristersson məlumat verib.
"Mütəşəkkil cinayətkar qruplaşmalarda iştirak cəzalandırılmalıdır. Müxtəlif yollarla mütəşəkkil cinayətkarlığa şərait yaradan və ona kömək edənlərə, həmçinin çox vaxt törədilən cinayətlərdən uzaqda dayanan liderlərə çata bilmək olduqca vacibdir", - deyə o bildirib.
Qanun layihəsinin 1 aprel 2027-ci ildə hüquqi qüvvəyə minəcəyi gözlənilir. Yeni cəza şkalasına əsasən, mütəşəkkil cinayətkar dəstəyə sadəcə üzv olmaq 4 ilə qədər, ağırlaşdırıcı hallarda iştirak 2 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Qruplaşma liderləri isə 2 ildən 18 ilə qədər və ya ömürlük həbs cəzasına məhkum edilə bilərlər.
QAZİLER.AZ

