Regionlarda baş verən daşqınlardan sonra Nepal təxminən 20 min evi bərpa etmək məcburiyyətindədir.
Qaziler.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi hökumət rəsmilərinə istinadən məlumat yayıb.
Nepalın Risklərin Azaldılması və Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Milli İdarəsindən bildirilib ki, 7,5 min ev sel suları ilə yuyulub aparılıb və ya dağıntılar, palçıq qatının altında qalıb. Analoji vəziyyətin təkrarlanma riski yüksək olduğu üçün həmin evlərin əvvəlki yerlərində bərpa edilməsi planlaşdırılmır.
İdarənin rəhbəri Dharma Radj Upreti agentliyə açıqlamasında deyib ki, evləri eyni yerlərdə yenidən tikməyin mənası yoxdur, çünki insanlar üçün risklər qalmaqda davam edəcək.
Hazırda vəziyyətin qiymətləndirilməsi aparılır və tikinti üçün yeni, təhlükəsiz ərazilər müəyyənləşdirilir.
Xatırladaq ki, avqustun 26-da Nepalda qəfil güclü daşqın baş verib. Buna Tibet ərazisində Lhentse çayının məcrasını bağlayan zəlzələ və torpaq sürüşməsi səbəb olub.
QAZİLER.AZ

