Niderland ABŞ və Kanadadakı 86 ton qızılını Londona köçürdü

Niderland ABŞ və Kanadadakı 86 ton qızılını  Londona köçürdü backend

Niderland Mərkəzi Bankı (DNB) artan geosiyasi gərginlik və böhranlara hazırlıq çərçivəsində ABŞ və Kanadada saxlanılan qızıl ehtiyatlarının 25 faizdən çoxunu Böyük Britaniyaya köçürüb.

Qaziler.az AZƏRTAC-a istinadla xəbər verir ki, mart və avqust ayları arasında təxminən 86 ton qızıl Nyu-York və Ottavadan Londona daşınıb. Londonda hazırda Niderlandın ümumi qızıl ehtiyatlarının ən böyük hissəsi toplanıb.

Niderland Mərkəzi Bankının rəhbəri Olaf Sleijpen bildirib ki, yenidən yerləşdirmə prosesi qızılın ticarət qabiliyyətini və likvidliyini artırır: “Ümid edirik ki, bu ehtiyatlardan heç vaxt istifadə etməli olmayacağıq. Lakin, biz dayanıqlığımızı və böhrana hazırlığımızı gücləndirməliyik”.

Bankın artan geosiyasi qeyri-müəyyənliklər qarşısında böhran idarəetmə qabiliyyətini artırmağı hədəfləyir. Qızılın Londona daşınması potensial böhran vəziyətində ehtiyatların daha tez və effektiv şəkildə köçürülməsi və ya girov kimi istifadə edilməsinə şərait yaradacaq.

Niderlandın ehtiyatlarının saxlanıldığı İngiltərə Mərkəzi Bankının (BoE) seyflərində digər maliyyə qurumları və kommersiya təminatçıları adından 780 milyard dollardan çox dəyərində qızıl külçələri saxlanılır. Dünyanın ən likvid qızıl bazarı olan London mərkəzi banklara ehtiyatlarını tez bir zamanda satmağa, yeni alışlar etməyə və ya dollar likvidliyini təmin etmək üçün qızılı girov kimi borc verməyə imkan verir.

Niderlandın bu strateji addımı Fransa Mərkəzi Bankının son aylarda ABŞ-də saxlanılan qızıl ehtiyatlarını satıb Parisə köçürməsindən qısa müddət sonra baş verib. Bu, Avropa mərkəzi banklarının qızıl ehtiyatlarını yenidən strukturlaşdırması tendensiyasını gücləndirir.