İsveçrədə hicaba qadağa yolu açıldı - Parlamentdə gərgin səsvermə

İsveçrədə hicaba qadağa yolu açıldı - Parlamentdə  gərgin səsvermə backend

İsveçrənin Sürix kanton parlamenti dövlət məktəbləri və uşaq bağçalarında hicabın qadağan edilməsini nəzərdə tutan təklifi qəbul edib. Səsvermə zamanı parlamentdə gərginlik yaşanıb. Təklifin 87 səslə lehinə, 82 səslə əleyhinə və 6 bitərəf səslə qəbul edildiyi bildirilir.

Qaziler.az bildirir ki, İsveçrənin ictimai yayım şirkəti SRF-nin məlumatına görə, Sürix Kanton Məclisi sağçı İsveçrə Xalq Partiyasının (SVP) təqdim etdiyi, dövlət məktəbləri və uşaq bağçalarında qız şagirdlərin və qadınların hicab taxmasının qadağan edilməsini nəzərdə tutan təklifi səsə qoyub. Təklif 87 lehinə, 82 əleyhinə və 6 bitərəf səslə qəbul edilib.

Səsvermə zamanı Sürix Kanton Məclisində mübahisələr baş verib. SVP-dən olan deputatlar hicabı açıq şəkildə təzyiq simvolu kimi qiymətləndiriblər.

Təklifdə Fransanın nümunəsi göstərilərək hicabın qız uşaqlarına qarşı təzyiqin simvolu olduğu iddia edilib. Təklifin tərəfdarları həmçinin hicabın dövlət ibtidai məktəblərinin demokratik dəyərlərinə zidd olduğunu müdafiə ediblər.

İsveçrənin Yaşıllar Partiyası daha fərqli tədbirlərin görülməsini istəyərkən, İsveçrə Sosial Demokrat Partiyası (SP) isə SVP-ni bu təşəbbüslə müsəlmanlara qarşı qəsdən nifrət yaratmaqda ittiham edib. SP bildirib ki, uşaqlar üçün hicab qadağası dini etiqad azadlığının təminatı ilə birbaşa ziddiyyət təşkil etdiyi üçün hüquqi baxımdan tətbiq oluna bilməz. İsveçrə Mərkəz Partiyası isə yalnız bir dini simvolun hədəf alınmasının yanlış olduğunu vurğulayıb.

Təklif çərçivəsində kanton hökuməti iki il ərzində dövlət məktəbləri və uşaq bağçalarında hicabın qadağan edilməsini nəzərdə tutan qanun layihəsi hazırlayacaq. Qanun layihəsi parlamentdə qəbul edilərsə, qadağa qüvvəyə minəcək.

QAZİLER.AZ