Yaponiya hökuməti ABŞ və İran arasında gərginliyin mümkün qədər tez azaldılmasını və tərəflər arasında danışıqların bərpa olunmasını zəruri hesab edir.
APA xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kihara bildirib.
“ABŞ və İran arasında hərbi gərginliyin yenidən artmasından, eləcə də Hörmüz boğazı da daxil olmaqla regionda vəziyyətin pisləşməsindən dərin narahatlıq keçiririk”, – deyə Kihara bildirib.
Onun sözlərinə görə, hazırda ən vacib məsələ gərginliyin mümkün qədər tez azaldılması, Hörmüz boğazında sərbəst və təhlükəsiz gəmiçiliyin bərpası, ABŞ və İran arasında danışıqların yenidən başlanmasıdır.
Kihara, həmçinin nüvə problemi də daxil olmaqla, tərəflər arasında mümkün qədər tez yekun razılaşmanın əldə olunmasının vacibliyini vurğulayıb.

