ABŞ-da qeyri-adi hadisə: 28 il əvvəl itirilən üzük sahibinə qovuşdu

ABŞ-da qeyri-adi hadisə: 28 il əvvəl itirilən üzük sahibinə qovuşdu backend

ABŞ-də yaşayan bir qadın itirdiyi üzüyünü 28 il sonra yenidən tapıb.

Qaziler.az xəbər verir ki, bu barədə "UPI" agentliyi məlumat yayıb.

ABŞ-dən olan iki xəzinə ovçusu təxminən otuz ildir Nyu-Yorkdakı gölün dibində qalan məktəb üzüyünü təsadüfən sahibinə qaytarıb.

Maykl Siql və Dilan LaPort Böyük Sakadaqa gölü ətrafında metaldetektorla qeyri-adi əşyalar axtararkən cihaz siqnal verib. Onlar bir daşı qaldıraraq altından üzərində 1988-ci il buraxılış tarixi qeyd olunan "Red Creek" tam orta məktəbinin məzun üzüyünü tapıblar.

"Metaldetektorun səsini eşitdik, daşı çevirdik və üzük eləcə orada idi", — deyə LaPort bildirib.

Kişilər tapıntının şəklini çəkərək sahibini tapmaq ümidi ilə sosial şəbəkələrdə paylaşıblar. Bir neçə uğursuz cəhddən sonra birbaşa məktəbə müraciət etmək qərarına gəliblər. "Red Creek" məktəbinin katibi üzüyün kimə məxsus olduğunu tez bir zamanda müəyyən edib. Bu, məktəbin keçmiş şagirdi Kim Rasbek olub.

Məlum olub ki, Kim 28 il əvvəl dostları ilə göl kənarında istirahət edərkən bu üzüyü itirib. O, bu xatirə əşyasını geri almaq üçün poçt və digər bütün xərcləri ödəməyə hazır olduğunu etiraf etsə də, xəzinə ovçuları pul almaqdan imtina ediblər.

Siql və LaPort üçün bu cür tapıntılar xüsusi bir hobbiyə çevrilib. Onlar müntəzəm olaraq itirilmiş zinət əşyalarını axtarır və onları sahiblərinə qaytarmağa çalışırlar.

QAZİLER.AZ