Əfqanıstan sanksiyaların ləğv edilməsinə və aktivlərinin dondurulmaqdan azad olunmasına nail olmaq üçün ABŞ-yə öz mineral resurslarına çıxış təklif edir.
Qaziler.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti Əfqanıstanın xarici işlər naziri Əmir Xan Müttəqiyə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Vaşinqtonla münasibətlər barədə sualı cavablandırarkən Müttəqi bəyan edib ki, Əfqanıstan faydalı qazıntıların hasilatı, infrastruktur, kənd təsərrüfatı və ticarət kimi sektorlara ABŞ investisiyalarını şübhəsiz ki, müsbət qarşılayır.
"Əfqanıstan ilə ABŞ arasındakı münasibətlər son 20 illik müharibə prizmasından deyil, daha çox gələcək əməkdaşlıq əsasında qiymətləndirilməlidir", — deyə XİN rəhbəri qeyd edib.
Onun sözlərinə görə, "ölkənin iqtisadi siyasəti açıqdır".
Nəşr bildirir ki, geoloji araşdırmalar Əfqanıstanın təxminən 1 trilyon dollar dəyərində qiymətləndirilən faydalı qazıntılara sahib olduğunu göstərir. Bunların arasında böyük mis, dəmir filizi, niobium, kobalt, qızıl və litium yataqları var.
QAZİLER.AZ

