Nepal hakimiyyəti "Meta" və "TikTok" şirkətlərinə müraciət edərək insanları şoka salan məzmunların, süni intellektlə (SI) yaradılmış videoların, fırıldaqçı QR-kodların və çaşdırıcı paylaşımların silinməsini tələb edib.
Qaziler.az xəbər verir ki, bu barədə "The Kathmandu Post" qəzeti yazır.
Nəşrin yazdığına görə, hökumət nümayəndələri hər iki sosial şəbəkənin Nepaldakı əməkdaşları ilə danışıqlar aparıb. Onları ictimaiyyəti çaşdıra, xilasetmə işlərinə mane ola və ya zərərçəkənlərin ailələrinin acısını artıra biləcək məzmunlara daha çevik reaksiya verməyə çağırıblar.
Hökumətin sosial şəbəkələrin tənzimlənməsi üzrə işçi qrupunun koordinatoru və Nepal Telekommunikasiya İdarəsinin direktoru Bicay Kumar Roy bildirib ki, hakimiyyət “Meta” və “TikTok”dan uyğunsuz və çaşdırıcı keçidlərin aşkar edildiyi an dərhal silinməsini tələb edib. Həmçinin alqoritmlərin elə qurulması istənilib ki, şokedici və saxta paylaşımlar yerləşdirildiyi andan avtomatik bloklansın.
Bu tələb, avqustun 26-da baş verən qəfil daşqından sonra sosial şəbəkələrdə dezinformasiyanın kəskin artması, köhnə videoların yeni kadrlar kimi təqdim edilməsi və süni intellekt materiallarının real fəlakət səhnələri kimi qələmə verilməsindən sonra irəli sürülüb.
Qeyd edək ki, Nepalın şimalında, Çinlə sərhəddə avqustun 26-da irimiqyaslı qəfil daşqın baş verib. Tibet ərazisindəki zəlzələ və torpaq sürüşməsi Lhende çayının məcrasını bağlayıb. Bu da Bhote Koşi çayının səviyyəsinin kəskin şəkildə qalxmasına səbəb olub.
QAZİLER.AZ

