İngiltərənin bəzi bölgələrində arılarının çürümüş və fermentləşmiş meyvələrlə qidalandığı, bunun isə onların “sərxoş” və daha aqressiv davranmasına səbəb olduğu bildirilir. Mütəxəssislər xüsusilə yaban arısı yuvalarının yerləşdiyi ərazilərdə diqqətli olmağa çağırıb.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, yay mövsümünün başa çatması ilə İngiltərədə yaban arılarının davranışında nəzərəçarpan dəyişiklik müşahidə olunur. Britaniya Zərərvericilərə Nəzarət Assosiasiyasının (BPCA) məlumatına görə, yaban arıları bu dövrdə fermentləşmiş meyvələrə yönəlir. Bu isə onların sərxoş vəziyyətə düşməsinə və hərəkətlərinin pozulmasına səbəb ola bilər.
Mütəxəssislər sərxoşlaşan yaban arılarının insanları sancmaq ehtimalının arta biləcəyini bildirərək, xüsusilə yuvaların yaxınlığında ehtiyatlı olmağa çağırıblar.
BPCA-nın nümayəndəsi Natali Banqey bildirib ki, yaban arıları təbiətdə zərərli həşəratların sayının tənzimlənməsində mühüm rol oynayır və mümkün qədər narahat edilməməlidir.
Lakin yuvanın insanların sıx istifadə etdiyi ərazidə yerləşməsi halında, peşəkar zərərvericilərə nəzarət mütəxəssisindən yardım alınması tövsiyə olunur.
Yaban arısı sancmaları bəzi insanlarda həyati təhlükə yarada bilən ciddi allergik reaksiyalara səbəb ola bilər.
Digər tərəfdən, mütəxəssislər həşərat sancmalarına qarşı yanınızda kredit kartı saxlamağı tövsiyə edirlər. Onlar dəridə qalan iynənin cımbız əvəzinə kredit kartının kənarı ilə qaşınaraq çıxarılmasının daha təhlükəsiz olduğunu bildirirlər.
Mütəxəssislərin sözlərinə görə, cımbızdan istifadə iynədəki zəhər kisəsinin partlamasına və zəhərin orqanizmə yayılmasına səbəb ola bilər.
QAZİLER.AZ

