Uzunmüddətli quraqlıq, ekstremal isti hava şəraiti, qabıqyeyən böcəklərin populyasiyasının artması və ağaclar arasında xəstəliklərin yayılması Avropa meşələrinin görünməmiş miqyasda quruması ilə nəticələnir.
Qaziler.az xəbər verir ki, bu barədə BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) bəyanatında deyilir.
Qeyd olunub ki, uzunmüddətli quraqlıq, anomal istilər, meşə yanğınları riski, qabıqyeyən böcəklərin çoxalması və meşə ağacları arasında infeksiyaların yayılması regionda meşə örtüyünün misilsiz şəkildə məhvinə səbəb olur.
Bildirilib ki, ciddi yağıntı qıtlığı fonunda Qərbi və Mərkəzi Avropada genişmiqyaslı yarpaqtökülmə və meşə çətirinin zədələnməsi müşahidə olunur. Bəzi rayonlarda bu quraqlıq son altmış ildən çox dövrün ən uzunmüddətli və davamlı quraqlığına çevrilib. Komissiyanın məlumatına görə, zərərverici həşəratlar, xəstəliklər və kəskin hava şəraiti regionda hər il 73 milyon hektaradək meşə sahəsinin zədələnməsinə gətirib çıxarır.
UNECE vurğulayıb ki, şəhərlərdəki ağaclar da güclü istidən və su çatışmazlığından əziyyət çəkir. Bu isə şəhərlərin iqlim dəyişikliyinin fəsadlarından qorunmasını, hava keyfiyyətini və əhalinin rifahını birbaşa təhlükə altına qoyur.
İyun ayının ikinci yarısında Avropa ekstremal isti hava dalğası ilə üzləşib. Qərbi Avropa ölkələrində termometrlərin göstəricisi 40 dərəcəni ötüb.
QAZİLER.AZ

